Baş pediatr: "Salyanda sağ qalan körpənin yaşaması üçün risk var"
Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya - Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna gətirilib.
İnstitutun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA TV-yə açıqlamasında deyib ki, bir günlük körpə reanimasiya şöbəsinə yerləşdirilib.
Onun sözlərinə görə, körpə bir həftə tez doğulub və ağır vəziyyətdədir: “Körpəni dünən axşam saat 18.00 radələrində qəbul etmişik. Hədsiz ağır vəziyyət idi. Körpədə marfofunksional yetişməzlik var. Reanimasiyaya yerləşdirilən körpəyə bütün tibbi yardım göstərilir. Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Uşağın çəkisi normadan həddindən çox aşağıdır. Onun çəkisi 1 kiloqramdır. Körpələr vaxtından əvvəl doğulub. Hamiləlik müddətindən 10 həftə çatışmır. Dünənlə nisbətdə bu gün vəziyyəti stabilləşsə də, ağır olaraq qalır. Ağciyərlərin normal fəaliyyəti üçün Səhiyyə Nazirliyi tərəfindən göndərilən bahalı preparatlardan da istifadə edirik. Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibbi avadanlıqların, dərman vasitələrinin hamısı var”.
Nəsib Quliyevin sözlərinə görə, iki günlük oğlan uşağının yaşamasında çox böyük risk var: "Yarımçıq doğulmuş uşaqdır. Bədən kütləsi normadan 3 dəfə azdır. Orqanların yetməməzliyi var. Bu üzdən yaşaması üçün çox böyük risk var. Çalışırıq ki, yaşamasına yardımçı olaq".
Qeyd edək ki, ötən gün Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.