Zakir Həsənov: "Gecə-gündüz təlimlər keçirməli, döyüşlərə hazır olmalıyıq"
Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.
APA TV-nin təlimi izləyən əməkdaşının verdiyi məlumata görə, bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi keçirilib.
Təlimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib. Təlim başlanmazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb, göstərişlərini verib. Daha sonra təlim başlayıb. Sonda döyüş atışlı mərhələdə fərqlənən hərbçilər mükafatlandırılıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlərə açıqlamasında ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib: “Cənab prezident, Ali Baş Komandan Silahlı Qüvvələrimizin qarşısında vəzifələr qoyub. Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik. Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Müavinlərim və hərbi birləşmə komandirləri ilə də təlimin gedişində müzakirələr apardım. Tam məsuliyyətimlə deyirəm ki, təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsədlərə nail olduq, bütün hədəflər vuruldu".
Silahlı Qüvvələrdə aparılan islahatlara toxunan nazir qeyd edib ki, bu islahatlar artıq nəticəsini verir: “Silahlı Qüvvələrimizdə kompleks islahatlar həyata keçirilir. Bu gün Silahlı Qüvvələrdə mövcud olan yüksək səviyyəli döyüş hazırlığı bu islahatların nəticəsidir. Azərbaycan Ordusunun istifadəsində olan müasir avadanlıqlar və silahlar aparıcı dövlətlərin Silahlı Qüvvələri ilə eynidir. Bütün bunlar ölkə başçısının ordumuza göstərdiyi diqqətin nəticəsidir”.
Qeyd edək ki, təlimlər iyunun 24-dək davam edəcək. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.