Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini artırır
Avropa İttifaqının üzvü olan 28 ölkənin nümayəndəsi Brüsseldə keçirilən toplantıda Rusiyaya qarşı sanksiyaların müddətinin artırılması ilə bağlı razılıq əldə edib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, söhbət 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra tətbiq edilən sanksiyalardan gedir.
Həmin sanksiyalar Rusiyanın maliyyə institutlarının Avropa İttifaqının uzunmüddətli kreditlərindən yararlanmaq imkanlarını, o cümlədən hərbi sahə də daxil olmaqla, məhsul, avadanlıq və texnologiyaların qarşılıqlı mübadiləsini məhdudlaşdırır.
Rusiyaya yönələn sanksiyaların müddətinin artırılması ilə bağlı qərar ittifaq üzvü olan ölkələrin nazirlərinin 28-29 iyunda keçiriləcək toplantısında rəsmi status qazanacaq. Həmin qərara əsasən, Rusiyanın üzləşdiyi məhdudiyyətlər hələ 2017-ci ilin yanvarına qədər artırılır. Eyni zamanda sənədlərin Moskva tərəfindən Minsk razılaşmaları yerinə yetirilməyənədək hüquqi qüvvəyə malik olacağı bildirilir.
Qeyd edək ki, bir qədər əvvəl Almaniya kansleri Angela Merkel Ukraynanın hələ də öz sərhədlərinə çıxış imkanının olmaması ilə bağlı narahatlığını ifadə edib.