Çempionatın ən qollu oyunu: Portuqaliya çətinliklə 1/8-ə yüksəldi
Futbol üzrə Avropa çempionatının F qrupunda son oyunlar keçirilib. APA TV-nin məlumatına görə, qrupdan üç komanda növbəti mərhələyə vəsiqə qazanıb.
Macarıstan və Portuqaliya milliləri arasındakı qarşılaşma 3:3 hesabı ilə bitib və çempionatın ən qollu oyunu olub.
1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etmiş Macarıstan millisi oyunda üç dəfə hesabda irəli çıxıb. Macarların qollarından birini Zoltan Gera, ikisini Balaj Cudcak vurub. Birinci qoldan sonra hesabı Portuqaliya millisindən Nani bərabərləşdirib. Kriştianu Ronaldunun dublu isə portuqaliyalıları məğlubiyyətdən xilas edib.
“Real”ın 31 yaşlı hücumçusu Avropa çempionatlarında iki rekorda imza atıb. O, Avropa çempionatları tarixində ən çox oyun keçirən və dörd Avropa çempionatında qol vuran yeganə futbolçudur.
Qrupun paralel qarşılaşmasında isə İslandiya millisi Avstriya yığmasını 2:1 hesabı ilə məğlub edib. İslandiyalılar qələbə qolunu oyunun sonunda vurublar.
Beləliklə, F qrupunun lideri Macarıstan yığması, qrup ikincisi İslandiya millisi növbəti mərhələyə vəsiqə qazanıb. Portuqaliya yığması isə 1/8 finala vəsiqə qazanan dörd ən yaxşı qrup üçüncülərindən biri olub