Ərdoğan: "Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropa Birliyinə üzv qəbul edilmir"
Türkiyə prezidenti Avropa Birliyi ilə bağlı sərt bəyanatlar verib. APA TV-nin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyədə Avropa Birliyi ilə danışıqların davam etdirilib-etdirilməməsi ilə bağlı referendum keçirilə bilər.
O, Avropa Birliyini vədinə əməl etməməkdə günahlandırıb: “Siz verdiyiniz sözə əməl etmirsiniz. Sizin çirkin üzünüz budur. Ərdoğan bu çirkin üzünüzü ortaya qoyduğu üçün çılğına dönürsünüz. Ona görə də “Ərdoğandan necə qurtulaq?” deyə çalışmalar içərisindəsiniz”.
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropa Birliyinə qəbul edilmir: “Ey Avropa Birliyi, siz bizi xalqın əksəriyyəti müsəlman olduğuna görə qəbul etmirsiniz. Bunun əksini isbat edə bilməzsiniz. Bunu Fransanın keçmiş xarici işlər nazirlərindən biri mənə açıq şəkildə söylədi”.
Türkiyə prezidenti Avropa Birliyini təhdid edib: “Avropa Birliyi Türkiyənin sərhədləri açması və qaçqınların Avropaya axın etməsi halında nə edəcəyini düşünməlidir”.