Bakının - QURBAN BAZARI

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Həcc mərasiminin son gününə təsadüf edən Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zilhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.

Müqəddəs bayram münasibətilə paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində də qurbanlar kəsilir.

«Bu gün müsəmanların müqəddəs bayramı olan qurban bayramı qeyd olunur. Səhərdən başlayaraq qurbanların kəsilməsinə başlanılıb. Bu bayramın mahiyyəti Allah yolunda qurban kəsərək əti imkanı olmayan bəndələrə paylamaq, onları sevindirməkdir”.

Bayram günü bazarlarda aktivlik hiss olunur. Qiymətlər isə dəyişir. Satıcılar bayramda qiymətlərin dəyişməyəcəyini desələr də, alıcılar qiymətlərin yüksəlməsindən narahatdırlar.

Bayramla əlaqədar olaraq, Dövlət Baytarlıq Xidməti (DBX) reyd keçirir. Reydlər Bakının ət kəsimi məntəqələrində və o cümlədən bazarlarda aparılacaq. Ət kəsimi yerlərində, eləcə də heyvanlarda hər hansı nöqsanlar aşkar olunarsa, orada ətin satışına qadağa qoyulacaq.

Səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının təşəbbüsü ilə əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar Bakının 10 rayonunda, 23 satış məntəqəsində həyata keçiriləcək.
 

Müəllif | Apa.Tv