Bakıda itlər üçün gözəllik salonu - MANİKÜR, PEDİKÜR, TATU...

Çox maraqlı məkandayıq. “The Doggie Styles” salonundan xəbərdar olsanız, inanıram ki, sözümü qəribçiliyə salmazsınız. Bu məkan müxtəlif cinslərdən olan itlərin, necə deyərlər, “gözəllik salonu”dur. Burada nəinki itləri çimizdirib darayırlar, hətta tüklərini boyayıb, dırnaqlarına rəng də çəkirlər.

 

Salonun sahibəsi, ixtisasca tarixçi olan Nailə Əliyeva deyir ki, bir ildir fəaliyyət göstərən məkanı öz istəyi ilə açıb, çünki heyvanları sevməsən, bu işdə işləmək çətin olar. Özünün beş iti olduğunu deyən Nailə Əliyeva deyir ki, saxladığı heyvanlara qulluq üçün Bakıda hansısa salon və ya peşəkar mütəxəssis tapa bilməyib. Ona görə də Ukraynaya gedib, bununla bağlı kurslara qatılıb və özünə söz verib ki, öyrənəndən sonra özünün və dostlarının itlərinin qulluğunda duracaq: "Bəli, bu, Bakıda heyvanlara qulluq üçün nəzərdə tutulan ilk gözəllik salonudur. Ümidvaram ki, sonuncu olmayacaq. Düz bir ildir ki, fasiləsiz olaraq bu salonda xidmət göstəririk. Müştərilərimiz olduqca çoxdur. Hətta 20 gün əvvəldən salona növbəyə yazılmaq lazımdır. İtlər doğulduqdan sonra ona qulluğa başlamaq lazımdır. İki aydan sonra isə ona təmizlik kəsimi edirik. Amma bu qulluq cinslərə görə fərqlidir. Məsələn, elə cinslər var ki, onların tükünü 8-9 aydan sonra, bəzilərininkini isə 3-4 aydan sonra təmizləmək lazımdır. Çünki 7-8 aylığından sonra onların dişləri dəyişir. Saçlarını da məhz bundan sonra kəsmək lazımdır. Əgər onu tez kəssək, tükləri korlanar".

 

Salonun sahibəsi deyir ki, şəhərin tanınmış insanları da itlərini onlara etibar edir. Salonda itlər üçün müxtəlif formada geyimlər də satılır. Bundan başqa, gün ərzində minimum 5-6 it qəbul edilir. Nailə xanımın sözlərinə görə, heyvanlara qulluq zamanı istifadə olunan alətlərin təmizliyinə xüsusi fikir verilir: "Heyvanları qəbul edərkən onlardan tibbi arayış tələb etmirik. Çünki burda gördüyünüz nə varsa, hamısı sterilizə edilir. Hər qulluqdan sonra dəyişdirilir. Bunlar xüsusi cins itlərdir, onları mütləq peyvənd etdirmək lazımdır".

 

Xidmət haqqı itlərin cinsindən asılı olaraq dəyişir: "Bu, itlərin həm cinsinə, həm də vəziyyətinə görə dəyişir. Çünki elə heyvanlar var ki, onlara sahibləri də çox yaxşı qulluq edə bilir, amma ayda bir dəfə də bura da gətirirlər. Amma elə itlər gətirilir ki, onların vəziyyəti heç də ürəkaçan olmur. Məsələn, qiymətlər 30 manatdan başlayır. 20 manata yalnız çimizdirilməsi, göz və qulaqlarının təmizlənməsi daxildir. Ondan sonra isə saç kəsimi başlayır. Yəni tükləri səliqəli formaya salınır. Amma tam saç kəsimi 40-70 manat arasında dəyişir".

 

Salona gətirilən heyvanlar ilk olaraq yuyundurulur. Nailə Əliyeva deyir ki, qulluq məhz bundan sonra başlayır: "Onların yuyundurulmasında çox bahalı şampunlardan istifadə edilir. Kondisionerlər, balzamlar, saç maskaları da çimizdirildikdən sonra cinslərə görə dəyişir. Məhz bu qulluqdan sonra saç kəsimi istənilən formada qalır. Ancaq bəzən müştərilərimiz yalnız kəsim üçün müraciət edirlər. Onları isə biz qəbul etmirik. Elə müştərilərə endirim də təklif edirik ki, onlar heyvanların yuyulmasına icazə versinlər".

 

Nailə xanım deyir ki, “Yorkshire Terrier” cinsinin tüklərinin daranması, kəsilməsi, gözlərinin və qulaqlarının təmizlənməsi, dırnaqların kəsilməsi, parfüm vurulması, bantik taxılması 45-55 manat edir. Eyni zamanda istəkdən asılı olaraq itlərin tüklərinə rəng də qoyulur, qulaqlarına sırğa vurulur. Bundan əlavə, itlər tatu edilir, sahiblərinin zövqünə uyğun dırnaqları boyanır.

 

Salonda istifadə olunan alətlər müxtəlif ölkələrdən gətirilir: "Çox təəssüf ki, Azərbaycanda bununla bağlı heç nə satılmır. Alətləri əsasən Ukraynadan, Rusiyadan, İtaliyadan, Amerikadan sifarişlə alıram. İtlər üçün şampun, balzam, spreyləri burada tapmaq olmur. Məsələn, bir şampun 160-170 manata başa gəlir. Balzamlar, maskaların qiyməti 200-220 manat, parfümlər 45 manatdan başlayır".

 

Çəkiliş apardığımız müddətdə salona “Yorkshire Terrier” və “Şpitsi” cinsindən olan itlər gətirdilər. Amma burada digər cinsdən olan itləri də görə bilərsiniz: “Ovçarka”, “Çoban iti”, “Golden rentriver”, “Rotveyler”, “Xaski”, “Akita inu” və s.

 

Heyvanlara qulluğun cinsinə görə dəyişdiyini deyən mütəxəssisin sözlərinə görə, elə itlər var ki, ayda bir dəfə, eləsi də var ki, həftədə bir dəfə gətirilməlidir.

 

Nailə xanım deyir ki, hətta itlərini evləndirmək üçün gələnlər və toy hazırlıqlarına başlayanlar da var: "Hə, bunun üçün müraciət edənlər çox olur. Məsələn, biri qızı üçün oğlan, digəri isə əksini axtarır. Burda bunun üçün xüsusi albomumuz da var. Onlar baxıb seçirlər. Heyvanlar üçün xüsusi toy paltarımız da var".

 

Heyvanlara xüsusi olaraq bu salonda qulluq edilir. Burda mütəxəssislər xüsusi geyimlərdən, respiratorlardan istifadə etmədən qulluq salonuna daxil olmurlar. Gördüyünüz bu otaqda itlərin xüsusi vannaları, yuyunmaq üçün xüsusi vasitələr, geyimləri, dəsmalları, pampersləri saxlanılır. Bir sözlə, səliqə-sahman göz oxşayır.

 

Müəllif | Apa.Tv
Apa.tv