Lənkəranda iki "Jiquli" toqquşdu: 5 yaralı

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyunun 22-dən 23-ə keçən gecə rayonun Liman-Nərimanabad şose yolunda qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 20 yaşlı Yavər Şahin oğlu Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 15 BX 967 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn, sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-21011” markalı, 10 CZ 463 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

 

Güclü zərbədən “VAZ-2107”-nin sürücüsü və sərnişinləri - Biləsuvar rayon sakinləri, 20 yaşlı Mirxan Namiq Mirzəyev, 23 yaşlı Orxan Elşad oğlu Abdulov, 24 yaşlı Nurlan Əlihüseyn oğlu Məmmədov və Cəlilabad rayon sakini, 20 yaşlı İsmayıl Elsevər oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Onlardan sürücü Yavər Hüseynovun və sərnişin Mirxan Mirzəyevin vəziyyəti daha ağır qiymətləndirilir.  

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv