Bakıda "Mobillik naminə tərəfdaşlıq" konfransı keçirilir

Bakıda "Mobillik naminə tərəfdaşlıq (MobilAZE)" mövzusunda konfrans keçirilir.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən "Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı" (ICMPD) layihəsinin koordinatoru Violetta Vaqner sözügedən layihənin beynəlxalq önəmindən bəhs edib.

 

O, "MobilAZE"-nin Azərbaycanla yanaşı, Moldova və Gürcüstanda da həyata keçirildiyini qeyd edərək, sözügedən layihənin Azərbaycana verəcəyi töhfələrin əvəzsiz olduğunu deyib.

 

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev 2013-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Mobil tərəfdaşlıq haqqında sənədin qarşılıqlı əlaqələrdə yeni səhifə açdığını vurğulayıb.

 

Tədbirdə qeyd olunub ki, cari ilin oktyabr ayında Avropa İttifaqı tərəfindən haqqında bəhs olunan sazişin icrası məqsədilə Avropa Komissiyasına əlavə mandatın verilməsi planlaşdırılır.

 

Öz növbəsində Avropa İttifaqının nümayəndəsi xanım Malena Mard bu yaxınlarda Aİ-nin Dövlət Miqrasiya Xidməti ilə təlimlərinin yekunlaşdığını və tvininq layihəsinin icra olunduğunu deyərək, görülən işlərin birgə əməkdaşlığın inkişafı üçün önəmindən danışıb.

 

Xatırladaq ki, konfransda Çexiya Respublikası, Latviya, Polşa, Slovakiya, Sloveniyadan nümayəndələr də təmsil olunur.

 

Qeyd edək ki, "MobilAZE" layihəsinin tərəfdaşları arasında Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, eləcə də digər dövlət qurumları təmsil olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv