Bərdə sakini həyat yoldaşını baltalayaraq öldürdü
Bərdədə dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Bərdənin Qaratapə kənd sakini Səbuhi Həsənov 1984-cü il təvəllüdlü həyat yoldaşı Günel Həsənovanı baltalayaraq öldürüb.
Bərdə Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Şübhəli şəxs qismində saxlanılan S.Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.
Günel Həsənovanın qardaşının APA TV-yə verdiyi məlumata görə, uzun müddətdir yola getməyən bacısı və həyat yoldaşı sabah məhkəmə qərarı ilə boşanmalı imiş: "Səhər-səhər mənə zəng vurdular ki, bəs bacını öldürüblər, gəlin aparın. Getmişik ora, onu da polis götürüb gəlib bura. Aralarında dava-dalaş olmuşdu, boşanmalıydılar. Gündə dava-dalaş, gündə dava-dalaş. 3 uşaqları vardı. Balacanın 8, böyüyünün 13 yaşı vardı. Qohum idik. Onun bacısı məndə, mənim bacım onda idi".
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.