Lerikdə mövsümi KÖÇ
Lerik rayonunun Pirəsora kəndi Talış dağlarının qoynunda yerləşir. Kənd əhalisinin çörəyi mal-qara, qoyun-quzu bəsləməkdən çıxır. Pirəsoralılar uzun illərdən bəri mal-heyvanlarını payız-qış aylarında Aranda, yaz-yaz aylarında isə dağlarda saxlayırlar. İndi budur, Pirəsora maldarlarları yenidən Arana köç edir. Onların başlıca qayğılarından biri mal-qaranı yaz aylarına sağ-salamat, xəstəliksiz çıxarmaqdan ibarətdir. Köç mənzil başına 1 həftəyə, bəzən isə 15-20 günə gedib çatır. Əlbəttə ki, 12.500 başadək davarın olduğu sürü yolda maşınların hərəkətinə qismən də olsa məhdudiyyət yaradır. Maldarların sözlərinə görə, maşın yoluna çıxmamaq üçün əvəllər Lerik-Yardımlı-Masallı-Biləsuvar marşrutundan istifadə olunurdu. Bu il isə havalar quraqlıq keçdiyindən marşrutu dəyişmək lazım gəlib. Yem tapıb yeyə bilsinlər deyə heyvanlar Masallı-Cəlilabad rayonları ilə aparılır.
Heyvandarlar işin nə qədər çətin və məsuliyyətli olduğunu yaxşı anlayırlar. Lerik rayon sakini Seyran Hüseynov sözlərinə görə, 18 ildir ki, ailəliklə qoyunçuluqla məşğuldur və hər il öhdəsinə düşən 1000 baş qoyun-quzunu Biləsuvar-Neftçala rayonlarında yerləşən qışlağa aparır. İş böyük zəhmət tələb etsə də, dolanışıqları yaxşıdır.
Qeyd edək ki, yeni marşrutla hərəkət edən fermerlər 1 həftəyə kimi mənzil başına çatacaqlarına ümid edirlər.