Müdafiə nazirinin müavini: "Düşmən hiss edir ki, Azərbaycan Ordusu ondan üstündür"
"Torpaqlarımız alacağıq. Aprel döyüşləri göstərdi ki, bizim güclü ordumuz, güclü texnikaya malikdir. Düşmən gözləsin, torpaqlarımızı alacağıq". Bu fikirləri Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimində, demək olar, bütün məzun zabitlər səsləndirirdi.
APA TV-nin məlumatına görə, buraxılış tədbirində çıxış edən müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev bildirib ki, aprel ayında cəbhədə baş verən hadisələr Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi: “Silahlı Qüvvələrimizin aprel ayında əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında əks olundu. Düşmən artıq hiss edir ki, Azərbaycan Ordusu hər zaman ondan üstündür, vətənə, xalqa, dövlətə sədaqəti hədsizdir. Silahlı Qüvvələrin rəhbərliyi əmindir ki, bugünkü zabitlər şəhidlərimizin qisasını alacaq, torpaqlarımızın müdafiəsində qəhrəmanlıq göstərəcəklər".
Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarına diplomlar və müdafiə naziri Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim edilib. Məktəbi fərqlənmə diplomu ilə bitirən məzunlar üzərində aypara və ulduz təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin döyüş bayrağının təhvil və qəbulu olub, məktəbin marşı ifa edilib.
Məzunların təntənəli keçidindən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi Fizuli Salahov çıxış edib. O, gənc zabitlərə xidmətdə və həyatda uğurlar arzulayıb. Rəsmi tədbirdən sonra məzunların valideynləri onlarla görüşərək xatirə şəkli çəkdiriblər: "Bu gün mənim 2 oğlum məzun oldu. Təyyarəçidirlər, sevincimin həddi-hüdudu yoxdur. Mən inanıram ki, oğlanlarım, ümumilikdə bütün burda olan zabitlər Azərbaycan torpaqlarının düşməndən azad olunmasında xalqımızın ləyaqətini, mənəviyyatını lazımınca qoruyacaqlar".