Göyçay və Ağdaşda 5 Qarabağ qazisinə yeni ev verildi

İyunun 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göyçay və Ağdaş rayonlarında yaşayan 5 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi verilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin təqdim edilməsi münasibətilə keçirilən tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev çıxış edərək, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması yolunda əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib.

 

Onun sözlərinə görə, nazirlik tərəfindən ötən il 281 nəfər, cari ilin 6 ay ərzində isə 200-dən çox Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə yeni mənzil verilib. Hazırda bu təbəqədən olan vətəndaşlar üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması istiqamətində işlər davam etdirilir.

 

Qeyd edilib ki, indiyədək Göyçay rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 45 mənzilli iki ədəd yaşayış binası, 12 ədəd fərd yaşayış evi tikilərək istifadəyə verilib. Ümumilikdə 60 nəfər müharibə əlilinə minik avtomobili verilib. Rayonda 2018-ci ilədək daha 15 fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulur. Ağdaş rayonunda isə indiyədək Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzilli bir ədəd yaşayış binası, 20 ədəd fərd yaşayış evi tikilərək istifadəyə verilib, 41 nəfər müharibə əlilinə minik avtomobili verilib.

 

Çıxışlardan sonra Qarabağ müharibəsi əlillərinə 2 və 3 otaqlı fərdi yaşayış evlərinin açarları və sənədləri təqdim edilib.

 

Sonra mənzillərə baxış keçirilib, ailələr üçün yaradılan şəraitlə tanışlıq olub.

 

Müəllif | Apa.Tv
Apa.tv