Sonuncu dəfə teatrda nə vaxt olmusunuz? - SORĞU

Teatr, sadəcə, tamaşa göstərilən bina deyil. Teatr həm də mədəniyyət, incəsənətin bir növüdür. Bir çox ölkələrdə insanlar ən azı ayda bir dəfə öz ailələri ilə birlikdə teatra gedir. Sovet dövründə Azərbaycanda da bu ənənə vardı.

 

Bəs görəsən, indi vəziyyət necədir? APA TV olaraq paytaxt sakinləri arasında bu suala cavab axtardıq.

 

- Teatra çox getmirəm, xoşum gəlmir teatrdan.

 

- Çoxdandır olmuram.

 

- Həqiqi desəm, çoxdandır olmuram. Ən son bizim cavanlığımızda gedən tamaşalara baxmışam. Amaliya Pənahova, Fuad Poladovun oynadığı tamaşalara baxırdım. Musiqili komediyalarda rəhmətlik Siyavuşun, Yaşar Nurinin oynadıqlarına baxırdım. Amma son vaxtlar, düzü, bilmirəm kimlər oynayır.

 

- Ən son iki il bundan qabaq olmuşam. Axır vaxtlar tamaşalar var ki, baxaq?

 

- Teatrda indi baxmağa tamaşa yoxdur axı. Bu gün aktyorlar rolu yox, özlərini reklam edirlər. Mənə lazım deyil ki, o, həyatda nə yaradır. Mənə lazımdır ki, o yaratdığı rolu reklam etsin. Elə bir tamaşa var baxmağa? Mən belə bir məsləhət görərdim. Azərbaycan Milli Dram Teatrını muzey etsinlər. Mənə elə gəlir ki, orada Yaşar Nurinin yaradıcılıq gecəsini keçirsələr, orada daha çox adam olar, nəinki özlərinə "dinozavr", "qaranquş" adlarını qoyanların.

 

- Bir il bundan qabaq olmuşam. Uşaqları Kukla Teatrına aparmışdım.

 

- Yadımda deyil. O vaxtlar getmişdim, subay vaxtları.

 

- Getməmişəm. Uşaq vaxtı Kukla Teatrında olmuşam, məktəb vaxtları.

 

- Teatrda uşaq vaxtı. Yox, Yeni ildə oğlumu aparmışdım. "Şəngülüm, Şüngülüm"ə baxmışıq.

 

- Çoxdandır olmuram. Demək olar ki, 4 ildir olmuram.

 

- Demək olar ki, çoxdandır olmuram. Haradasa üç-dörd il olar. İndi elə problemlər olur ki, teatrda olmağa vaxt olmur.

 

- Keçən il. Hansı tamaşaya baxdığım yadımda deyil.

 

- 5 ay bundan qabaq Gənc Tamaşaçılar Teatrında olmuşam.

 

- İllər əvvəl "İtkin gəlin" tamaşasında olmuşam. Çox-çox illər əvvəl. Bu yaxınlarda teatra getməyə işdən vaxtım olmur.

 

- Çoxdan, cavan vaxtı. Televizor var da, baxırsan evdə.

 

- Mən özüm 20 il Rusiyada yaşamışam. Azərbaycana gələndən haradasa 10 il bundan qabaq teatrda olmuşam.

 

- Yadımda deyil. Çoxdandır olmamışam.

 

-  Heç olmamışam. 10 il bundan əvvəl getmişəm.

 

- Yadımdan çıxıb.

 

Sorğu keçirərkən həyatında bir dəfə də olsun, teatra getməyənlərlə də rastlaşdıq:

 

- Yadıma gəlmir.

 

- Yox, olmamışam heç.

 

- Olmamışam.

 

- Getməmişəm.

 

- Heç vaxt. Mən teatra getmirəm.

 

- Mən teatra heç vaxt getməmişəm. Bir dəfə getmək istəyirdim. Bilet satırdılar, amma mən kəndə gedəcəkdim deyə gedə bilmədim.

 

Sorğunun nəticələri göstərir ki, Bakı sakinləri ya teatra getmir, ya da illər əvvəl gedib. Bizə isə yalnız təəssüflənmək qalır.

Müəllif | Apa.Tv
Apa.tv