İqor Muradyan: “Yenə qanımızı rus maraqları üçün axıdacaqlar”
"Hazırda yalnız müharibə uduzulmayıb, biz tarixi baxımından məğlub olmuşuq". APA TV-nin məlumatına görə, erməni ictimaiyyətində Serj Sarkisyanın Sankt-Peterburq görüşündən dərhal sonra Xankəndinə getməsi birmənalı qarşılanmayıb.
"Yerevan hakimiyyəti Qarabağ uğrunda mübarizə aparmaqda acizdir. Bu isə ölkə daxilində həll edilməli vacib məsələnin olmasına işarədir". Bu fikirlərlə İqor Muradyan adlı erməni politoloq çıxış edib.
Politoloq məqaləsində aprelin əvvəllərində baş verən "dördgünlük müharibə"yə də toxunub: "Belə bir sual meydana gəlir. Nəyə görə müharibə məhz NATO-nun iyulun 8-9-da keçiriləcək və Ermənistana alyansın yeni proqramında iştirakın təklif ediləcəyi Varşava sammiti öncəsi baş verdi? Gəlin ehtimal edək ki, bu məsələ ya uydurulub, yaxud da erməni zabit və siyasətçiləri tərəfindən ümumiyyətlə qəbul edilmir. Lakin, erməni cəmiyyəti üçün daha aktual olan başqa bir məsələ də var. Belə ki, əgər biz müharibədə məğlub olsaq, ABŞ və NATO Ermənistanın hərbi və siyasi məhvində son dərəcə maraqlı olacaq”.
İqor Muradyan bildirir ki, “Türkiyə NATO üzvü olduğuna görə, Ermənistan bu alyansa inteqrasiya etməməlidir” iddiaları axmaqlıqdır: "Hazırkı zamanda bu düşüncələr təkcə axmaqlıq deyil, bu, həm də satqınlıqdır. NATO ilə əlaqələr olmadan Ermənistan bundan sonra təkcə inkişaf edəcək durumda deyil, eyni zamanda suveren bir dövlət kimi mövcudluğunu itirmiş bir vəziyyətdədir. Məsələ belədir, Yerevan hakimiyyəti Qarabağ uğrunda mübarizə aparmaqda acizdir. Belə olduqda isə Ermənistan öz strategiyasında köklü dəyişiklik etməzsə, bundan sonra ölkənin mövcudluğu mümkün olmayacaq. Təəsüf ki, hər şeyi 2016-cı ilin yazına qədər həll etmək olardı. Lakin, indi müharibə yalnız uduzulmayıb, müharibə tarixi baxımdan itirilib. Bəs Ermənistan bu rəzil durumdan neçə çıxa bilər? Görünən odur ki, Rusiya Ermənistana qarşı irəli sürülən tələblərin yerinə yetirilməyəcəyi təqdirdə ölkəyə vəd olunan silahların göndərilməsindən imtina edib. İndi siyasət və iqtisadiyyatın təməlinin başqa formada qurulması haqqında düşünmək olardı. Belə olsaydı, məğlubiyyət ölkədən yan keçəcəkdi. Lakin, artıq gecdir, çox gec. İndi Rusiyanın vasitəçilik etdiyi Qarabağ danışıqlarından imtina etmək lazımdır. Çünki, tərkibində məhz Rusiya olduğuna görə Minsk Qrupu da aktuallığını itirib. Bəlkə torpaqların geri qaytarılması regionda Rusiya qoşunlarının iştirakı ilə həyata keçiriləcək? Bütün bunlar Rusiya üçün faydalıdır? Erməni qanı növbəti dəfə rusların maraqları uğrunda axır".