Erməni politoloq: "Azərbaycan taym-aut götürüb və yeni müharibəyə hazırlaşır"

Vladimir Putinin təşəbbüsü ilə baş tutan Sankt-Peterburq görüşündən sonra Fransanın Ermənistandakı səfiri Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşünün Parisdə təşkil oluna biləcəyini deyib.

 

APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, eyni sözlərlə Fransanın Azərbaycandakı səfiri də çıxış edib.

Erməni politoloq Ayk Martirosyan bunu ATƏT-in Minsk Qrupunun pariteti qorumaq istəyindən irəli gəldiyini deyib. Politoloq belə görüşlərin Ermənistan üçün heç nə qazandırmayacağını bildirib.

"Ən yaxşı halda Ermənistan belə görüşlərlə vaxt itirir. Bu isə bizim üçün çox pis nəticələnə bilər. Nə qədər ki, yanlış taktika seçərək vaxt öldürürük, eyni ilə öldürdüyümüz vaxt bizim əleyhimizə işləyir. Azərbaycan isə bundan çox gözəl istifadə edərək durmadan silahlanır. Əslində Azərbaycan aprel döyüşlərindən sonra taym-aut götürüb və dəqiq hesablamalarla yeni müharibəyə hazırlaşır. Bu prosesi qarşı tərəf çox savadlı şəkildə aparır. Növbəti döyüşlərdə onlar bunun bəhrəsini ikiqat görəcəklər", - deyə Martirosyan vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv