Rio Olimpiadasında Azərbaycan yığmasının yeni bayraqdarı ola bilər

Rio Olimpiadasında Azərbaycan yığmasının bayraqdarı boksçu Teymur Məmmədov ola bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

 

O bildirib ki, bununla bağlı son qərarı Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev verəcək. Lakin ilk növbədə Teymur Məmmədovun Braziliyada keçiriləcək Olimpiadaya vəsiqə qazanması lazımdır: “Boksçumuz Teymur Məmmədovun Rio-2016-ya lisenziya qazanacağına ümid edirik. Biz çox istərdik ki, Olimpiadada bayraqdarımız Teymur olsun. Amma son qərarı Milli Olimpiya Komitəsinin prezidenti verəcək. Bizim təklifimiz Teymur olacaq”.

 

Qeyd edək ki, Teymur Məmmədov hazırda Bakıda keçirilən lisenziya xarakterli Dünya Olimpiya təsnifat turnirində iştirak edir. 

 

Nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2 lisenziyamızın ləğvi ilə bağlı açıqlamasına da münasibət bildirib: "Say konkret 4 nəfərdir. Bəzi qərarlarla razı deyilik. Vəkil vasitəsilə bu məsələyə başlamışıq. Biz Olimpiya Komitəsindən son qərar məktubunu gözləyirik. Çox istərdik ki, yüksək nailiyyətlər qazanan idmançılarımız Olimpiadada iştirak etsinlər".

Müəllif | Apa.Tv
Apa.tv