Göyçayda 5 nəfəri ilan, 1 nəfəri əqrəb sancıb

Göyçayda daha iki nəfər ilan sancma səbəbindən xəstəxanaya yerləşdirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəhadət və Potu kəndlərində qeydə alınıb.

 

Şəhadət kənd sakini, 1960-cı il təvəllüdlü Vidadi Veysəl oğlu Əhmədov fərdi təsərrüfat sahəsində kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq edib və otun altında gizlənən gürzə onu sancıb.

 

Potu kənd sakini, 1959-cu il təvəllüdlü Müddət Fəzail oğlu Abdurrəhmanov mağazaya gedərkən yolda tapdaladığı ilan qəflətən onu sancıb. Hər iki şəxs təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və onlara zərdab vurulub. Həkimlərin səyi nəticəsində hər iki xəstənin vəziyyəti yaxşılaşıb.

 

Qeyd edək ki, son vaxtlar havaların həddindən artıq isti keçməsi və kənd sakinlərinin əkin sahələrində işləməsi ilan vurma hallarının artmasına səbəb olub. Göyçay rayonunda ötən bir ay ərzində 5 nəfər ilan sancması və bir nəfər əqrəb sancması səbəbindən xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti yaxşıdır.        

Müəllif | Apa.Tv
Apa.tv