Azərbaycanda növbəti tədris ilinin müddəti və tətillərin vaxtı açıqlandı
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib.
APA-nın xəbərinə görə, əmrə əsasən, növbəti tədris ili üçün dərs məşğələlərinin vaxtı açıqlanıb.
Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır. Dərs ili iki yarım ilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar tarixləri, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərində müəyyənləşib.
Dərs ili ərzində tətillər də müəyyən edilib. Belə ki, 5 gün payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvar, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.