Milli Qəhrəman 50 illik yubileyində anıldı
Masallıda Azərbaycanın ilk Milli Qəhrəmanlardan biri Qurban Səfərəli oğlu Məmmədovun anadan olmasının 50 illiyi qeyd olunub. Qəhrəmanın doğulub boya-başa çatdığı Masallı rayonunun Sərçuvar kəndində onun doğum günü və ev- müzeyinin açılışı olub. APA TV-nin xəbərinə görə, qəhramanın xatirəsi ilk olaraq onun adını daşıyan məktəbdə anılıb. Məktəbin həyətində təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, dualar oxunub. Daha sonra qəhrəmanın keçdiyi ömür yolundan söhbət açılıb. Onunla birlikdə döyüşdə olanlar Səfərəlinin Qarabağ döyüşlərində göstərdiyi şücaətindən danışıblar. Məktəblilərin ifasında qəhramanlara həsr olunan şeirlər söylənilib, kompazisiyalar nümayiş etdirilib.
Anım günü qəhrəmanın ev-muzeyində davam etdirilib. Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov və şəhidin valideyinləri muzeyin rəmzi açılış lentini kəsib, xatirə lövhəsinin açılışını ediblər. Daha sonra muzeylə tanışlıq olub, şəhidin istifadə etdiyi əşyalara baxış keçirilib.
Qeyd edək ki, şəhid Səfərəli Məmmədov 1990-cı illərdə Ağdam rayon daxili işlər şöbəsində post-patrul batalyonunda taqım komandiri olub. 1992-ci il fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərini ilas edərkən şəhidin komandir olduğu tağım minaya düşüb. Səfərəli Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.