Səlim Müslümov Balakəndə vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Balakən rayonundakı Gənclər Mərkəzində bu rayonun və Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, vətəndaşlar əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, əmək hüquqlarının təmin edilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələlərlə əlaqədar müraciət ediblər.
Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılıb və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılması təmin edilib.
Nazirin tapşırığına uyğun olaraq, müraciətləri əsasında ayrı-ayrı şəxslər nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmək üçün qeydiyyata alınıblar. Bir qrup şəxsə ixtisas və peşə bacarıqları nəzərə alınmaqla məşğulluqlarının təmin olunması üçün yaşadıqları rayonlar üzrə vakant iş yerləri təklif edilib və onlara seçimlərinə uyğun şəkildə münasib iş yerlərinə göndərişlər təqdim olunub.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.