Oqtay Əsədovla Zahid Oruc sözləşdi: tətilə küsülü getdilər

Bu gün Milli Məclisin növbədənkənar xüsusi sessiyası çərçivəsində son plenar iclas başlayıb.

 

APA TV-nın məlumatına görə, iclasın gündəliyinə Vergi, Miqrasiya, İnzibati Xətalar, Mülki məcəllələrə və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər daxil edilib.

 

İclas gündəliyə daxil olan Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi ilə başlayıb. Qanun layihəsində ediləcək dəyişikliyə səs verəcəyini bildirən millət vəkili Qüdrət Həsənquliyev öncə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zaxarovanın Novruz Məmmədov haqqında dediklərinə münasibət bildirib: “Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zaxarovanun Novruz Məmmədov haqqında dedikləri qəbuledilməzdir. Novruz Məmmədov barədə dediklərinin müqabilində, rus dilində desək, “durnaya jenşina” demək olardı, ancaq demək istəmirəm. Görünür ki, Novruz Məmmədovun Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı söylədikləri düzdür ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri belə aqressiv reaksiya verib. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu xanıma lazımi reaksiya verməlidir”.

 

Müzakirələr zamanı qeyd olunub ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi güdür. Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin ("Tax Free") tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir.

 

Z.Oruc qanun layihəsinin qəbuluna qarşı çıxıb və Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının da "Tax Free" tətbiqinin gündəmdən düşdüyünü göstərdiyini qeyd edib.

 

Spiker Oqtay Əsədov isə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının bu məsələyə dəxli olmadığını vurğulayıb: “Tax Free” Azərbaycanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq”.

 

O.Əsədov Z.Orucu mövzu üzrə danışmağa çağırıb. Z.Orucun yerdən etirazına isə spikerin reaksiyası sərt olub: “Mövzudan danış. Özünü qabiliyyətli apar. Həddini aşırsan, yerindən danışma”.

 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov spikerə qarşı hörmətli davranılmasını zəruri sayıb və Vergi Məcəlləsinə dəyişikliyin zəruri olduğunu qeyd edib.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da Vergilər Məcəlləsinə dəyişikliyin günün tələbi olduğunu qeyd edib. C.Qurbanov həm də bütün məhsullara ƏDV-nin tətbiqinin düzgün olmadığını söyləyib.

 

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.  

 

Sonda Oqtay Əsədov İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib. O. Əsədov komissiyanın iclasında Z.Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.

 

Bununla da Milli Məclisin növbədənkənar iclası başa çatıb.

 

Qeyd edək ki, 14 və 24 iyun tarixlərində iki növbədənkənar iclas keçirilib. Bu iclaslarda ümumilikdə 37 məsələ müzakirəyə çıxarılıb və qəbul edilib.

 

Bununla da MM tətilə çıxıb.

 

Müəllif | Apa.Tv
Apa.tv