Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə başlandı
Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə start verilib.
APA TV-nin xəbərinə görə, uzunluğu 29 km, eni isə 5-6 metr olan yol ötən əsrin 50-60-cı illərində salınıb. İstismar müddəti bitmiş yol torpaq və qara örtüklüdür.
Layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr olacaq.
Hazırda yol boyu torpaq işləri həyata keçirilir. Torpaq işləri bitdikdən sonra yolun yüksək keyfiyyətli asfalt-beton örtüklə asfaltlanması işlərinə başlanacaq.
Bundan başqa layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçiriləcək.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcəklər.