Xaçmazda əcnəbilərin plastik kartlarından pul çıxaran iki nəfər tutuldu

Daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində xarici ölkələrin 50-yə yaxın bank müştərisinin plastik kartlarından xüsusi kiberproqramlardan istifadə etməklə külli miqdarda pul vəsaitlərini onlayn ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Xaçmaz rayon sakinləri Xətai Əliyev və Orxan Seyidov tutulub.

 

Saxlanılan Xətai Əliyev həmin şəxslərin hesablarından O.Seyidovun adına yerli banklarda açdığı hesablara onlayn köçürmələr edərək nağdlaşdırıb və bu yolla vətəndaşlara külli miqdarda ziyan vurub.

 

X.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb: "Xarici vətəndaşların bank hesabına müdaxilə edərək onların vəsaitini öz hesabımıza köçürərək nağdlaşdırırdıq".  

 

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv