Salyanda quldurluq və soyğunçuluqla məşğul olan dəstə üzvləri tutuldu
Salyanda quldurluq və soyğunçuluqla məşğul olan cinayətkar qrup ifşa edilib. Dəstənin ikisi azyaşlı olan 8 üzvündən 4-ü saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı şəhəri Hövsan qəsəbə sakinləri - 20 yaşlı Babək Musavin oğlu Əhmədov, 23 yaşlı Zaur Asif oğlu Hüseynov, 17 yaşlı Camal Seymur oğlu Namazov, Bakı şəhəri Binəqədi rayon sakini, 18 yaşlı Fərid Mirrahib oğlu Rəsulov, Cəlilabad rayonu Hasıllı kənd sakini, 15 yaşlı Həsən İslam oğlu Mirzəyev, Biləsuvar rayonu Bəydilli kənd sakini, 15 yaşlı Fərid Əliağa oğlu Mirzəyev və istintaqa məlum olmayan Abdulla və Sənan adlı şəxslər qabaqcadan əlbir olaraq silsilə oğurluqlar, həmçinin quldur basqınları törətməklə vətəndaşlara xeyli miqdarda maddi ziyan vurublar.
İstintaqa məlum olub ki, dəstə üzvləri 12 avqust 2015-ci ildən 13 iyun 2016-cı ilədək əsasən gecə saatlarında Salyan rayonunun Xalac kəndində yerləşən ərzaq mağazasından ümumilikdə 1258 manat dəyərində, Ərəbqardaşbəyli kəndində yerləşən ərzaq mağazasından 2000 manat dəyərində, Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 57-ci kilometrliyində yerləşən «Fuad market» mağazasından 1500 manat dəyərində, Şorsulu kəndində yerləşən «Minar» market mağazasına damdan daxil olmaqla mağazadan 2000 manat dəyərində, Quyçu kəndində yerləşən «Quyçu market» mağazasına tavandan daxil olub mağazadan ümumilikdə 1594 manat dəyərində, Şorsulu kəndində yerləşən «Furqan market» mağazasına damdan daxil olub mağazadan ümumilikdə 1100 manat dəyərində müxtəlif çeşidli siqaret məmulatı, ərzaq məhsulları, spirtli içkilər, geyimlər, parfümeriya məmulatları, mobil telefon kartları və texniki avadanlıqlar oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurublar.
Həmçinin 13 noyabr 2015-ci il tarixdə gecə saat 23.30 dəstə üzvləri qabaqcadan əlbir olub üzlərinə maska taxaraq silah qismində küt alətdən istifadə etməklə Salyan rayonunun Qalalı kəndində Sevda Sultanovaya məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq qarşılarına çıxan Sevda Sultanovaya, Zabil Ağayevə və Elnurə Əhədovaya xəsarət yetirməklə basqın, yəni quldurluq ediblər. Dəstə üzvləri Salyan rayonunun Aşağı Kürkənd kəndində Sevda Kərimovaya məxsus fərdi yaşayış evindən də oğurluq ediblər.
İstintaq eyni zamanda saxlanılan ətraf rayonlarda da müxtəlif vaxtlarda oğurluqlar etməsi barəsində istintaq məlumatlar əldə edib.