Azərbaycanda daha bir uşaq ölümü: 5 aylıq körpə dünyasını dəyişdi
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 5 aylıq uşaq dünyasını dəyişib.
Ölən körpənin atası, Zaqatala rayonunun Muxax kənd sakini Seyfulla Laçınovun APA TV-nin Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu il yanvarın 15-də doğulmuş oğlu Səlimin qarın boşluğunda olan ağrılarla əlaqədar iyunun 22-də saat 17:00 radələrində onu xəstəxanaya gətirib.
Müayinə zamanı həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. Seyfulla Laçınovun sözlərinə görə, həkim-cərrah Aslan Məmmədovla söhbəti zamanı uşağı Bakıya aparmaq istədiyini bildirib. Lakin həkim buna ehtiyac olmadığını deyib.
İyunun 23-də körpənin vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra 5 aylıq Səlim Laçınovun vəziyyəti daha da pisləşib və o, saat 21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edir.
Həkim Aslan Məmmədov isə APA TV-yə bildirib ki, valideynlər uşağın vəziyyəti barədə əvvəlcədən məlumatlandırılıb, Seyfulla Laçınovdan müvafiq razılıq alınıb.