SOS! Yol qəzalarında həlak olan uşaqların sayı artır
Bu ilin 9 ayı ərzində Azərbaycanda baş verən yol qəzalarında həlak olan uşaqların sayı artıb. Bu barədə APA TV-yə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib: " Təəssüfedici məqam odur ki, baş verən qəzalarıda 16 yaşına qədər olan 65 uşaq həlak olub, 217 nəfərsə yaralanıb. Qeyd edim ki, azyaşlılarla bağlı yol qəzalarında həm ölənlərin, həm də yaralananların sayında artım var. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölənlərin sayı 7, yaralananların sayı isə 41 nəfər artım müşahidə olunur. Uşaqlar həm piyada qismində, həm sərnişin qismində olublar. Amma piyada qismində həm ölənlərin, həm də yaralananların sayında artım var. Yəni, piyadalarla bağlı hadisələrin sayı daha çoxdu. Belə ki, piyada kimi baş verən qəzalarda 37 nəfər azyaşlı həlak olub, 104 nəfər yaralanıbsa, sərnişin kimi 27 uşaq həlak olub, 101 nəfərsə yaralanıb".
Kamran Əliyevin bildirdiyinə görə, istənilən halda, uşaqların yol qəzalarında həlak olması və ya xəsarət alması böyüklərin təqsiridir: "Ola bilər ki, sərnişin qisimində sürücü onun valideyni olmaya da bilər. Amma piyada qismində əksər hallarda uşaq valideynin yanında vurulub. Ya əlindən çıxıb yola qaçıb, ya da valideynin özünün iştirakı ilə yolun hərəkət hissəsinə çıxanda avtomobillərin zərbəsinə tuş gəliblər".
Ümumilikdə isə bu ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 2157 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər həlak olub, 2303 nəfər isə yaralınb. Ötən ilin müvafiq dörüylə müqayisədə qəzaların, habelə ölən və yaralananların sayında artım var. Ümumi yol qəzalarının 755-i paytaxt Bakının payına düşür: "Bakı şəhərində qeydə alınan qəzalarda 258 nəfər həlak olub, 773 nəfər isə yaralanıb".
Kamran Əliyevin sözlərinə görə, həmişə olduğu kimi, yol qəzalarında əsas üstünlüyü piyadaların vurulması halları təşkil edir. Belə ki, 804 piyadavurma hadisəsində 284 piyada həlak olub, 592 nəfər isə yaralanıb. Piyadaların vurulması ilə bağlı olan qəzalar ümumi qəzaların 37,2 faizini təşkil edir. Avtobus sürücüləri tərəfindən törədilən yol qəzalarının da sayı az deyil. 9 ay ərzində avtobusların iştirakı ilə 81 yol nəqliyyat hadsəsi törədilib ki, bu da 44 nəfərin ölümü, 105 nəfərin isə xəsarət alması ilə nəticələnib. Yük avtomobillərinin sürücüləri tərəfindən törədilən yol qəzalarının da sayı avtobuslarla bağlı qəzadan geri qalmır. Yük maşınlarının törətdiyi 111 qəzada 51 nəfər həlak olub, 101 nəfər isə yaralanıb. Ümumi qəzaların 65-i sərxoş sürücülər tərəfindən törədilib ki, bu qəzalarda da 26 nəfər ölüb, 76 nəfərsə yaralanıb.