Astara və Lənkəran meşələrində ağaclar dərmanlanır - SƏBƏB

Astara və Lənkəran rayonları ərazisində yerləşən meşə təsərrüfatlarında və fərdi həyətyanı sahələrdə ağacların zərərvericilərə yoluxması faktları aşkar olunub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları xəstəlik yayılan ərazilərdə profilaktik tədbirlərin aparılmasına başlayıblar.

 

İyun ayının ilk ongünlüyündən başlayaraq Astara və Lənkəran rayonlarının ərazilərində bitən şümşad ağacları kütləvi şəkildə  qurumağa başlayıb. Üstünü tor və qurd basmış ağacların qurumasına səbəb onların üzərində zərərvericilərin çoxalmasıdır. Mütəxəssislərin fikrincə, zərərverici Çin sovkası olan kəpənək növüdür. Payız və qış fəsillərində belə həşəratlar ağac üzərində yumurta qoyurlar. Bir müddət keçəndən sonra, xüsusən may və iyun aylarında təzə əmələ gəlmiş zoğlarda, yarpaqlarda  yumurtadan süfrələr çıxır və  ağacın yarpaqlarını yeməyə başlayırlar.

 

Şümşad ağacları ilə yanaşı, dəmirağac, palıd və nil ağacları da bu zərərvericilərdən ziyan çəkib. Yayılan xəstəliyin qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları meşə təsərrüfatlarında və yaşayış yerlərinə yaxın ərazilərdə kimyəvi mübarizə tədbirləri görürlər. Belə ki, Astara rayonunun Təngərüd, Maşxan, Sərək, Siyəkü, Pensər və Kijəbə yaşayış məntəqələri ərazisində 85 hektar sahədə dərmanlama işləri yekunlaşıb. Lənkəran rayonunda isə Boladi, Hirkan, Xanbulan, Cil, Xarxatan və Osaküçə yaşayış məntəqələrinə yaxın olan 35 hektar ərazidə profilaktik tədbirlər davam etdirilir.

 

Kimyəvi mübarizə tədbirləri başa çatdıqdan sonra mütəxəssislər tərəfindən meşə təsərrüfatlarında və yaşayış ərazilərinə yaxın ərazilərdə növbəti müşahidələr aparılacaq. Yenidən zərərvericilər aşkar olunduğu təqdirdə, təkrar kimyəvi mübarizə tədbirləri həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv