Bərdədə heyvanlar arasında dabaq virusu yayılıb
Bərdə rayonunun kəndlərində heyvanlar arasında dabaq virusu yayılıb. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, virus heyvanlar arasında artıq tələfata da səbəb olub.
Bərdənin Hacılar kəndində yaşayan Cavan Alıyev mal-qarasını qapalı şəraitdə saxlamasına baxmayaraq, qısa müddətdə 15 baş iribuynuzlu bu xəstəliyə yoluxub. Mal-qara sahibi baytar həkimlərinin biganəliyindən gileylənir: “Qabaqlar, 3-4 il əvvəl gəlirdilər, baxırdılar. Amma indi heç kim maraqlanmır. Evdə uşağımız var, körpəmiz var, kimə deyək dərdimizi, bilmirik”.
Rayonun Böyük Göyüşlü kəndində də dabaq virusu aşkarlanıb. Kənd sakini Şahmalı Orucovun isə 20 baş iribuynuzlu heyvanı bu xəstəlikdən əziyyət çəkir: “Qardaş, bu heyvanın elə üçü ölüb. 2000 manat mənə ziyan dəyib. Qalanı da öləcək. Hamısı yatışıb. 15 gündür bu mal belədir. Kəndin həkimi var, gəlib maraqlanan yoxdur. Mən həkim tutub malıma baxdırıram”.
Mal-qaranın yaxalandığı virus onların yemlənməsini çətinləşdirib. Ağızlarından gələn selikli su vasitəsilə virus günü-gündən yayılır. Bərdə rayon Baytarlıq İdarəsindən məsələyə münasibət öyrənməyə çalışsaq da, müsbət nəticə əldə edə bilmədik. İdarə rəisinin yol kənarında yaşıllaşdırma işi apardığını, əməkdaşların isə hesabat hazırladığı üçün müsahibə verməyə vaxtlarının olmadığını bildirdilər.