Azərbaycan prezidenti: "Aprel döyüşləri tarixi qələbə idi"
Bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.
APA TV-nin məlumatına görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısı İlham Əliyevə raport verib.
Bildirilib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama uyğun olaraq tikilib. Yeni bina bir girişli olmaqla, 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimiz başçısı hərbçilərlə görüşüb və onların qarşısında çıxış edib.
Dövlət başçısı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırdı, şəxsi heyətə uğurlar arzulayıb. Hərbçilər üçün yeni yaşayış binasının qısa müddətə inşa olunduğunu və burada hər cür şəraitin yaradıldığını deyən prezident İlham Əliyev indiyədək 900-ə yaxın hərbi qulluqçunun mənzillə təmin edildiyini bildirib. Ali Baş Komandan İlham Əliyev dedi ki, Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu prosesinin məqsədyönlü və planlı şəkildə həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda yaradılan hərbi-sənaye kompleksinin də müasir səviyyədə olduğunu bildirib.
Ordumuzda döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu deyən Ali Baş Komandan deyib ki, bunu aprel döyüşləri də göstərdi. Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən Prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə edib. Hərbi qüdrətimizin daha da artırılmasının əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək. Ali Baş Komandan qeyd etdi ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Prezident İlham Əliyev bildirdi ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var.
Sonda Ali Baş Komandan bir daha vurğulayıb ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.
Daha sonra dövlətimizin başçısı mənzillərin açarlarını hərbçilərə təqdim edib.
Hərbçi Əhməd Qafarov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə hərbçilər adından minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.