Bakıda avtomobillərin hərəkətində daha bir dəyişiklik edildi

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-cu km-də Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsində (yol ötürücüsünün ərazisində) mövcud olan dairəvi hərəkət zamanı sıxlığın, ləngimələrin və tıxacların aradan qaldırılması məqsədilə hərəkətin təhlükəsizliyi baxımından müvafiq dəyişikliklər edilib.

 

“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, həmin ərazidə yerləşən və asfalt üzərinə boya ilə çəkilmiş dairə ləğv edilib. Artıq avtonəqliyyat vasitələri həmin ərazidən birbaşa keçərək “Sulutəpə” dairəsi istiqamətinə hərəkət edə bilərlər. Bunun üçün ərazidə müvafiq yol nişanları da quraşdırılıb, yol ayrıcına isə xüsusi beton maneələr düzülüb.

 

Sözügedən avtomobil yolunda mövcud olan əvvəlki dairəyə yaxın səki daşları ilə yeni simmetrik dairə inşa edilib. Dairənin içərisinə tamet daşlar düzülüb.

 

Ərazidə müvafiq yol nişanları quraşdırılıb, üfüqi nişanlama xətləri çəkilib. Hazırda abadlıq işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında davam etdirilir.

 

Bundan başqa, Nizami rayonu Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub. Təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir.

 

Səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Müəllif | Apa.Tv
Apa.tv