"Brexit" neftə təsir edə bilmədi, "qara qızıl" bahalaşır
Dünya bazarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, həftənin ilk seanslarında birjalarda "Brent" markalı neftin bir bareli 49,09 dollardan satılıb. Bu, həftəsonu qeydə alınan son qiymətdən 0,69 sent bahadır. Qərbi Texas nefti həftə sonu "Brent" neftini üstələsə də, aradakı məsafəni qoruya bilməyib. Hazırda sentyabr ayı üçün bağlanan fyüçerslər üçün WTİ nefti 47,96 dollardan təklif olunur.
Neftin ucuzlaşmasına təsir göstərən əsas amil "Brexit"in nəticələri olub, lakin paralel olaraq son dörd həftədə ilk dəfə ABŞ-da qazma qurğularının sayının azalması da qeydə alınıb. Sonuncu faktor neftin qiymətinin ucuzlaşmasının qarşısını alıb. Bundan başqa bu həftə açıqlanacaq hesabatda ABŞ-ın neft ehtiyatlarının azalacağı da proqnozlaşdırılır, bu amil neftin qiymətini bir müddət sabit saxlayacaq.