Arvadını, qayınana və qayınatasını niyə güllələdi? - DƏHŞƏTLİ CİNAYƏTDƏN YENİ XƏBƏR
Ağcabədidə həyat yoldaşını, qaynana və qayınatasını qətlə yetirən şəxs intihar edib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı, həmçinin dayısı qızı olan Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Ə. Quliyevin qayınatasının evində baş verib. O, hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.
Qətlə yetirilənlər Ağdam rayonu Mərzili kənd sakinləridir, onlar Ağcabədi rayonunda məskunlaşıblar. Qətli törədən isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.
Şahidlərin sözlərinə görə, hadisəni törədən Ə. Quliyev çoban olub. Onun həyat yoldaşı, 4 övladının anası olan A. Səfərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq atası evinə gəlib. Dünən Ə. Quliyev qayınatasının evinə gedərək arvadını aparmaq istəyib və bu zaman məlum hadisə baş verib. Evdə 3 nəfəri güllələyərək öldürən Ə. Quliyev daha sonra tüfəngi götürərək qaçmaq istəyib və bu məqsədlə Bəhramtəpə-Yevlax yolunun kənddən keçən hissəsinə çıxıb. Lakin artıq yaxalanacağını hiss edən 46 yaşlı kişi yolun kənarında, qəbiristanlığın yaxınlığında tüfəngi çənəsinə dirəyərək başına atəş açıb.
Faktla bağlı cinayət işi açılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.