Gədəbəydə psixi xəstə 6 avtomobilə od vurdu
Gədəbəydə 6 avtomobil yandırılıb. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şınıx bölgəsində yerləşən Arabaçı və Zamanlı kəndlərində qeydə alınıb. Gədəbəy rayon Yanğından Mühafizə hissəsindən verilən məlumata görə,kəndlərdə “QAZ 53”, ik ədəd “Niva” “Uaz”, “VAZ 2106” və “Zil 130” markalı avtomobillər müxtəlif dərəcədə yanıb.
Fərzalı kənd icra nümayəndəsi Şakir Şirinov deyib ki, hadisə baş verən kimi ona bu barədə məlumat veriblər: "Saat 5 radələrinə yaxın mənə zəng olundu ki, Fərzalı kənd sakini maşın yandırıb. Zamanlı kəndində. Məndə hadisə yerinə gəldim. Gördüm maşınların bir hissəsi yanıb o birilərdə söndürülüb. Həmin adamın axtarışına çıxdıq. Bir yaşayış olmayan evdə onu tapıb polisə təslim etdik".
Avtomobilləri 25 yaşlı Fərzalı kənd sakini Novruz Vəliyev yandırıb. O gecə saatlarında kənd yollarında qarşısına çıxan nəqliyyat vasitələrinə od qoyub. Novruz 4 avtomobili Arabaçı kəndində, digər 2 maşını isə Mor-Mor nümayəndəliyinin Zamanlı kəndində yandırıb.
Gənci tanıyanlar bildiriblər ki, Novruz Vəliyev çox savadlı şəxs olub. Zərərçəkənlərin və kənd sakinlərinin sözlərinə görə onda son dövrlər psixoloji problemlər aydın şəkildə hiss olunub. Kənd sakinlərinin iştirakı ilə Novruz Vəliyev polisə təslim edilib. Zamanlı kənd icra nümayəndəsi Vaqif Vəliyev Novruz Vəliyevin bir neçə il əvvəl psixatriada müalicə olunduğunu deyib: "Bəli 2-3 il bundan əvvəl psixi problemləri olub. Maştağada və Qazax psixatriasında yatıb. Ay yarım iki ay əvvəl müalicədən çıxmışdı. Ali təhsillidir. Prezident təqaüdçüsü olub. Savadlı oğlandır, amma psixdir"
Polis Novruz Vəliyevi saxlayaraq Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verib.