Türkiyə ilə İsrail bu gün barışır - TARİXİ ANLAŞMA

Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşması istiqamətində 3 ildir davam edən müzakirələrin yekunu olaraq dəyərləndirilən dünənki görüşdən sonra tərəflər arasında razılıq əldə olunub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hər iki dövlətin razılığa gəldiyi rəsmi olaraq bu gün yerli vaxtla saat 13:00-da eyni anda keçiriləcək mətbuat konfranslarında açıqlanacaq.

 

Razılaşmada xüsusilə təzminat və Qəzzaya məsələlərin ayrı-ayrılıqda öz əksini tapacağı gözlənilir.

 

Bu arada, "Mavi Mərmərə" gəmisinin Qəzza bölgəsinə səfərini təşkil edən İnsani Yardım Vəqfi isə əldə olunan razılaşmanı tanımadığını açıqlayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu ilə Benyamin Netanyahunun şəxsi nümayəndəsi Cozef Siehanover arasındakı görüş ötən gün Romada keçirilib.

 

Görüş zamanı tərəflər razılığın əldə olunduğunun bu gün ərzində açıqlanması istiqamətində ortaq fikir ifadə ediblər.

 

İsraildəki mənbələr baş nazir B. Netanyahunun ortaq anlaşma haqqındakı açıqlamanı bu gün Romada keçirəcəyi mətbuat konfransında verəcəyini bildirib.

Türkiyə tərəfinə gəlincə isə hər iki dövlətin əldə etdiyi razılığın bu gün baş nazir Binəli Yıldırım tərəfindən Çankaya Köşkündə keçiriləcək brifinqdə açıqlanması planlaşdırılır.

 

F. Sinirlioğlu ilə  Aaron Çihanover arasında əldə olunan anlaşma mətninin Romada açıqlanması gözlənilir.

 

İsrailin Nazirlər Kabineti tərəfindən razılıq sənədinin çərşənbə günü müzakirəyə çıxarılacağının gözlənildiyi bir zamanda Türkiyədə bu prosesin necə həyata keçiriləcəyi ictimaiyyətə açıqlanmayıb.

 

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, hər iki tərəfin imzaladığı sənədin Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, Türkiyə ilə İsrail arasındakı razılaşmaya İsrail mediasında da geniş yer verilib.

 

"Haaretz" qəzeti "Həmas" təşkilatının Türkiyədəki fəaliyyəti ilə bağlı razılıq əldə olunması ilə qarşılıqlı əlaqələr istiqamətindəki son əngəlin aradan qalxdığını yazıb.

Məqalədə deyilir ki, ilkin razılıq hələ İsrail Əks-Kəşfiyyat Xidməti "MOSSAD" rəhbəri Yossi Koen gizli şəkildə Türkiyəyə səfər edərək buradakı həmkarı Hakan Fidan ilə görüşü zamanı əldə edilib.

 

Razılığa görə, Türkiyə "Həmas"ın İsrail əleyhinə hər hansı bir hərbi fəaliyyətinin gerçəkləşməsinə imkan verməyəcək. Lakin, təşkilatın Türkiyədə yerləşən ofisləri diplomatik fəaliyyət göstərməsi şərti ilə öz işini davam etdirəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv