Lənkəranda maşın 72 yaşlı kişini vuraraq öldürdü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyunun 26-dan 27-ə keçən gecə Ələt-Astara magistralının rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Lənkəran rayonunun Göyşaban kənd sakini, 33 yaşlı  Samir Əlihüseyn oğlu  Ağayevin idarə etdiyi  “VAZ-2107”   markalı, 42 BL 157 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada,  Bərdə rayon sakini,  72 yaşlı  Qurban  Yelmar oğlu  Abbasovu  vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı sürücü tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv