Soros "Brexit"dən yüz milyonlarla dollar qazandı
Amerikalı milyarder Corc Soros İngiltərədə keçirilən referendumdan qazanclı çıxıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yaxın ətrafı milyarderin funt əleyhinə kapital qoyuluşlarından deyil, digər investisiyalardan qazandığını açıqlayıb.
C. Sorosun külli-miqdarda qazanmasına səbəb isə referendum nəticəsində bahalaşan qızıl aktivlərinə sərmayə yatırması olub.
Hazırda Corc Soros 24 milyardlıq sərvəti ilə dünyanın zəngin insanları arasında 23-cü yeri tutur.
Corc Soros referendumdan iki gün öncə "The Guardian" qəzetində xüsusi yazı ilə çıxış edib.
Yazısında o, britaniyalıların krallığın Avropa İttifaqını tərk etməyin lehinə səs verəcəyi təqdirdə funt-sterlinqin 20 faiz dəyər itirəcəyini proqnozlaşdırıb.
O, eyni zamanda bu halın 1992-ci ildəki 15 faizlik azalmadan daha faciəvi olacağını qeyd edib.
Tarixə adını "qara çərşənbə" olaraq yazdıran həmin gün də C. Soros dəyər itirən funt üzərində seçim etməklə, öz sərvətini artırıb.