Şotlandiya Avropa İttifaqı ilə separat danışıqlara başlayır
Şotlandiya hökuməti regionun Avropa İttifaqında qalması ilə bağlı qurumla təcili danışıqlara başlayacaq.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu ölkənin birinci naziri Nikola Sterdjen bildirib.
Nazir ölkəsinin ittifaqa üzvlük məsələsi ilə bağlı danışıqların başlanmasınadək özünün hüquqi, maliyyə və diplomatik məsələlərdə məsləhətlərə ehtiyacı olduğu üçün ekspert şurasının yaradılacağını vəd edib.
Bundan əlavə, xanım nazir rəhbərlik etdiyi kabinetin ölkənin müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqqında qanun üzərində işlənməsinə razılıq verdiyini açıqlayıb.
Qeyd edək ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı ilk səsvermə 2014-cü ildə keçirilib. O zaman region əhalisinin 55 faizi sözü gedən məsələnin əleyhinə səs verib. Nəticələrin açıqlanmasından sonra hökumət başçısı Aleks Salmond istefaya gedib.
Daha öncə Şimali İrlandiyanın "Şinn Feyn" partiyasının sədri Deklan Kerni də səsvermə təşkil edilməsi ilə bağlı təklif verib. Lakin, baş nazir Arlin Foster bu imkanı rədd edib və krallıq üzrə ümumi səsvermənin nəticələrini dəstəkləyib.
İyunun 25-də isə İngiltərə parlamentinin saytında təkrar səsvermənin təşkili ilə bağlı yerləşdirilən petisiyaya 1 milyon nəfər səs verib.