İtaliya millisi 1/4 finala, İspaniya yığması evə yollandı
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsində İtaliya və İspaniya millilərinin qarşılaşması italyanların qələbəsi ilə başa çatıb.
APA TV-nin xəbərinə görə, oyunun əhəmiyyətli hissəsi İtaliya millisinin üstünlüyü ilə keçib və çoxsaylı təhlükəli vəziyyətlər yaranıb.
Qarşılaşmanın əvvəlində ispaniyalı qapıçı De Hea Cakkerini və Pellenin təhlükəli zərbələrində komandasını xilas edib. Hesabı 33-cü dəqiqədə Corco Kellini açıb.
İspaniyalı qapıçı bundan sonra da dəfələrlə komandasını qoldan xilas edib. Oyunun sonlarına yaxın İspaniya millisi fəallaşıb. Pike və İnyestanın zərbələrindən sonra ulduz qapıçı Buffon yaxşı oynayıb.
Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə ispaniyalı futbolçuların səhvindən sonra Qrasiano Pelle İtaliya millisinin üstünlüyünü iki topa çatdırıb.
Bu, İspaniya millisinin Avropa çempionatlarının pley-off mərhələsində son 16 ilin ilk məğlubiyyətidir. 2000-ci ilin Avropa çempionatının 1/4 finalında ispanlar Fransa millisinə məğlub olmuşdular.
İtaliya millisi 1/4 finalda Almaniya yığması ilə qarşılaşacaq.