Rus pilotu öldürdüyü bildirilən türk azadlığa buraxıldı
Türkiyənin hava sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsinin pilotunu öldürməkdə təqsirləndirilən Alparslan Çelik başda olmaqla 7 nəfər azadlığa buraxılıb.
APA TV-nin məlimatına görə, məhkəmə prosesi İzmirdə keçirilib. Təqsirləndirilənlər məhkəməyə zirehli gödəkçə ilə gətiriliblər.
Məhkəmə prosesindən əvvəl vəkillər müttəhimlərin bəzi ifadələrinin məxfi məlumatlardan ibarət ola biləcəyini əsas gətirərək, iclasın qapalı keçirilməsini tələb ediblər.
Müttəhimlərin müdafiə çıxışlarından və vəkillərin həbs qərarının ləğvi ilə bağlı vəsatətlərindən sonra hakim Alparslan Çelik də daxil olmaqla 7 nəfərin ölkədən çıxışına qadağa qoyulması və azadlığa buraxılması barədə qərar qəbul edib.
Müttəhimlərin vəkilləri 90 günlük həbsdən sonra verilən qərarın sürpriz olmadığını və prosesin sonunda bəraətə nail olacaqlarına ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, Alparslan Çelik Rusiya təyyarəsi vurulduqdan sonra paraşütlə xilas olan pilotu öldürdüyünü iddia etmişdi.