İslandiya millisi sensasiya yaratdı, ingilislər evə qayıdır
Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin son oyununda sensasiya qeydə alınıb. APA TV-nin xəbərinə görə, İslandiya millisi İngiltərə yığmasını məğlub edib.
Oyunun əvvəlində ingilislər hesabı açmağa nail olublar. İslandiya millisinin qapıçısı Haldorson Sterlinqə qarşı qaydanı pozub və hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Penaltini Ueyn Runi yerinə yetirib.
Cəmi 2 dəqiqə sonra islandlar hesabı bərabərləşdiriblər. Müdafiəçi Raqnar Siqrudsson yaxın məsafədən topu qapıdan keçirib.
18-ci dəqiqədə isə İslandiya millisi Kolbeynn Siqtorssonun qolu ilə hesabda irəli çıxıb. Top İngiltərə millisinin qapıçısının əlinin altından sürüşüb.
Bu qoldan sonra İngiltərə millisi ərazi üstünlüyümə malik olsa da, çoxsaylı səhvlər qol vəziyyətləri yaratmağa mane olub. Beləliklə, oyun İslandiya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İslandlar 1/4 finalda meydan sahibi Fransa millisi ilə qarşılaşacaqlar.