Azərbaycan DİN: Rusiya kanallarının bu hadisədən şou düzəltməsi anlaşılmazdır
“Azərbaycan Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun cinayət işinin istintaqı ilə yaxından maraqlanır”.
Bunu APA TV-nin Moskva müxbirinə Azərbaycan DİN-in Rusiya Federasiyasındakı nümayəndəsi Eldar Səmədov bildirib. Onun sözlərinə görə, cinayəti törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü A Orxan Zahid oğlu Zeynalov ilkin dindirmə zamanı törətdiyi cinayəti artıq etiraf edib: "Azərbaycan DİN-in Rusiya Federasiyasındakı nümayəndəsi “Hazırda istintaq gedir. Orxan Zeynalov onu saxlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına törətdiyi cinayəti etiraf edib. Onunla üzləşmə keçiriləcək. Cinayət baş verən zaman Yeqor Şerbakovun yanında rəfiqəsi olub. Həmin qızla Orxan Zeynalovu üzləşdirəcəklər. Onun qətli içkili vəziyyətdə törətdiyi və digər məlumatlar hazırda Rusiya istintaq orqanları tərəfindən araşdırılır. Amma mən Rusiya telekanallarının bu hadisədən şou düzəltməsi anlamıram. Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir. Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir “Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub” xəbərini vermək, əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır, bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur”.
Rusiya telekanalalrında Orxan Zeynalovun daha öncə də qətl törətməsi barədə yaydığı xəbərlərə gəlincə, Eldar Səmədov bunu təkzib edib: "Dünən Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən Orxan Zeynalovun Azərbaycanda da qətl maddəsi ilə axtarışda olması barədə fikirlər səslənib. Bildirmək istəyirəm ki, bu yanlış məlumatdır. Orxan Zeynalov Azərbaycanda heç bir maddə ilə axtarışda olmayıb”.
Anlaşılmaz məqam həm də Orxan Zeynalovun törətdiyi bildirilən cinayət hadisəsində sonra “Pokrov” meyvə-tərəvəz bazasına edilən hücumlar və bazanın bağlanması qərarıdır. Hazırda bazar ətrafında yaranmış vəziyyət daha da gərginləşib. Milyon dollarlarla mallar bazarda ağzı bağlı qalıb.
APATV-nin Moskva müxbiri Fərid Əkbərov: "“Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının və Rifahının Müdafiəsi üzrə Federal Nəzarət Xidməti) tərəfindən bağlanmasına qərar verilən Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrov”da Azərbaycandan olan mal sahibləri köməksiz vəziyyətdə qalıb. İndi orda aksiya kecirirlər".
Moskvada oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb.