38 illik ömrünün 27 ilini həbsdə keçirən şəxs yenə tutuldu

Abşeron polisi taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxsi saxlayıb. İstintaq zamanı məlum olub ki, o, əyləşdiyi taksiləri Saray qəsəbəsinə sürdürərək, orada sürücülərin pul və mobil telefonlarını əllərindən alıb.

 

Xırdalan şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Əlikram Bağırov və Sumqayıt sakini Araz Rzayev üç gün əvvəl onlara qarşı soyğunçuluq edilməsi ilə bağlı ərizə ilə polisə müraciət ediblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Saray qəsəbə sakini, əvvəllər dörd dəfə məhkum olunmuş və ümumilikdə 27 il həbsxana həyatı yaşamış 38 yaşlı İsrail Gözəlov olduğu müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

 

Araşdırmalar zamanı məlum olub ki, İsrail Gözəlov Bakının 20 Yanvar dairəsində Əlikram Bağırovun idarə etdiyi taksiyə əyləşərək, onu Saray qəsəbəsinə aparmağı xahiş edib. Saray qəsəbəsinə çatdıqda isə sürücüyə hədə-qorxu gəlməyə başlayıb: “"20 Yanvar"-da oturdum, dedim sür Saray qəsəbəsinə. Ora çatanda dedim ki, ehtiyacım var, mənə pul lazımdı. Çıxartdı 12 manat verdi. Dedim telefonu da ver. Verdi. Sonra soruşdu ki, harada düşəcəksən. Dedim yolun qırağında saxla. Sonra da mənimlə öpüşdü görüşdü, getdi”.

 

Səhəri gün bənzər hadisə Sumqayıt şəhər sakini Anar Rzayevin başına gəlib: “Onda da Sumqayıtda oturdum, gəldim Saray qəsəbəsinə qəbiristanlıq tərəfə. Eyni “tema” idi. Dedim ehtiyacım var. 150 manat, 2 dollar, bir də ekranı sınıq telefon götürdüm”.

 

İsrail Gözəlov telefonları sataraq, pulunu xərcləyib. Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, Abşeron Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv