Binəli Yıldırım: "Vurulan təyyarəyə görə təzminat ödəməyə hazırıq"
Türkiyənin baş naziri Binəli Yıldırım ötən ilin noyabrın 24-də vurulan "Su-24" təyyarəsinə görə, ölkəsinin Rusiya tərəfinə kompensasiya ödəməyə hazır olduğunu bəyan edib.
APA TV-nin xəbərinə görə, ölkə telekanallarından birinə müsahibəsində baş nazir eyni zamanda iki ölkə arasında yaranan anlamsız münaqişəyə son qoyulmasının vacib olduğunu da bildirib.
O, həmçinin 29-30 iyun tarixlərindən birində Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının ola biləcəyinə də diqqət çəkib.
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Rusiya arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində razılığın əldə olunduğunu açıqlayıb.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin dövlət başçısı Kreml rəhbərinə məktub yazaraq, baş vermiş məlum insidentə görə üzr istəyib və həlak olan pilotun ailəsinə başsağlığı verib.
Xatırladaq ki, məlum insident sonrası rəsmi Moskva ilə Ankara arasında əlaqələr turizm və qida sektoru da daxil olmaqla, bir neçə istiqamətdə kəskin pisləşib və Rusiya Türkiyədən bir sıra malların idxalına qadağalar tətbiq edib.