Aİ-nin növbəti sammiti başlayır - BUNDAN SONRA NECƏ OLACAQ?
Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin növbəti sammiti öz işinə başlayır.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, toplantının əsas mövzuları İngiltərədə keçirilmiş referendumun nəticələri, eləcə də Avropa İttifaqı daxilində köklü islahatların aparılması məsələləri olacaq.
İttifaq ölkələrini eyni zamanda qurumun bundan sonrakı taleyi də narahat edir. Belə ki, bir qədər öncə bu məsələ Berlində Angela Merkel, Fransua Oland və İtaliyanın baş naziri Matteo Renzi üçlüyü arasında keçirilən görüşün əsas mövzusu olub.
Brüssel sammitinin daha bir müzakirə predmeti Ukrayna ilə ittifaq arasında assosiativ sazişin əleyhinə səs verən Hollandiyadır. Bir çoxları tərəfindən həmin referendumun nəticələri heç də bütün ölkələrin Avropa İttifaqının xarici siyasəti ilə razı olmaması kimi dəyərləndirilir. İngiltərədəki referendum isə bu dəyərləndirmələrin heç də boşuna olmadığı məsələsini ortaya qoyur.
Bu arada İngiltərənin ittifaqın tərkibindən çıxması üçün rəsmi müraciəti oktyabr ayında edəcəyi məlum olub. Belə olan halda, ortaya çıxan daha bir məsələ var. 2017-ci ilin ikinci yarısında İngiltərə Avropa İttifaqının sədri postunu təhvil almalıdır. İndi isə ittifaqın qarşısında göstərilən tarixdən quruma sədrlik edəcək ölkəni müəyyənləşdirmək məsələsi dayanır.
Analitiklər tərəfindən bu sammit daha çox məsləhət xarakterli görüş olaraq dəyərləndirilir. Lakin indidən İngiltərənin iştirakı olmadan Avropa İttifaqının bir daha heç vaxt öncəki kimi nüfuzlu bir struktur olmayacağı tamamilə aydındır.