Filmlərə harada baxırsınız: internetdə, kinoteatrda yoxsa televizorda? - SORĞU
İnternetin həyatımıza girməsi ilə bir çox dəyişikliklər baş verdi. Bunlardan ən başlıcası da heç şübhəsiz ki, film sektorudur. Çünki internetin yaratdığı imkanlar sayəsində Youtube-da və ya internet saytlarında filmlərə baxan insanların sayı xeyli artdı.
Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? İnsanlarımız filmlərə daha çox harada baxır - televizorda, kinoteatrda yoxsa internet saytlarında? Paytaxt sakinlərinə bu sualla müraciət etdik.
- Youtube-da. Youtube sərfəlidir.
- Çox vaxt internetdə, kompüterdə.
- Televizorda. Elə rahatdır, ona görə.
- Baxır vəziyyətə. Uşaqlarla, qrup yoldaşlarımla bir yerdə olanda kinoteatrda daha maraqlı olur. Ancaq belə ən çox kompüterdə baxıram. Yalnızlıq, təklik maraqlı olur, ona görə.
- Televizorda. Nə Youtube-a baxıram, nə kinoteatra gedirəm. Çoxdandır getmirəm.
- İnternetdə daha yaxşı, daha aydın, ətraflı olur. Kinoya baxmamışdan əvvəl onun kommentlərini oxuyuram, orada məlumat aldıqdan sonra kinoya baxıram.
- Daha çox televizorda. Ev şəraitində baxmaq daha rahatdır, nəinki kinoteatrda.
- İnternet. İnternet rahatdır, televizorda baxmağa vaxt olmur ki. Nə vaxt vaxtım olanda internetdən baxıram. Televizorda həm də ara buraxırlar.
- Youtube-da. Çünki daha əlverişlidir. İstədiyin filmi orada tapırsan, daha rahat baxırsan.
- Son zamanlar arada bir kinoteatrda da baxıram, amma belə daha çox Youtube-da.
- Youtube-da. Reklamsızdır, baxmaq rahatdır.
- Televizor yaxşıdır. Mən Youtube-a girmirəm. Mən elə evdə, televizorda baxıram filmlərə.
- İnternetdə. Sosial şəbəkədə hansı filmi istəyirsənsə, tapmaq olar. Azərbaycan kanallarında filmlər verilmir. Verilsə də, elə bir tərcümə verilir ki, baxmasan, ondan yaxşıdır.
- Kinoteatrda da baxıram. Youtube-da da baxıram. Keçmiş filmlərə Youtube-da baxıram. Amma təzə çıxan filmlərə kinoteatrda.
- Televizorda, çünki vaxtım yoxdur.
- Youtube-da da baxıram, amma daha çox film saytları var, orada baxıram.
- İnternetdə. Çünki çox rahatdır, ailə ilə bir yerdə. İşçi olduğuma görə ancaq uşaqlarla evdə oturub baxmaq rahat olur.
- İnternetdə. Kinoteatra getməyə vaxt olmur.
- Kanalda gedəndə kanalda baxıram. Daha çox internetdə baxıram. Reklam yoxdur, istədiyin kinonu istədiyin vaxt baxa bilirsən. Xoşuna gəlməyən fraqmentləri qabağa çəkə bilirsən.
- Ən çox kinoteatrda və televizorda.
- Televizorda. Vaxt olmur başqa yerdə baxmağa.
- İnternetdə də, evdə də baxıram. Fərq eləmir. Arada da dostlarımla kinoteatrda baxıram. İnternetdə pulsuzdur, kinoteatrlarda pul veririk, orada vermirik.
Sorğu keçirdiyimiz paytaxt sakinləri arasında az da olsa, filmlərə baxmayanlar da var idi:
- Ümumiyyətlə, filmlərə baxmıram.
- Heç baxmıram.
- Filmlərlə, ümumiyyətlə, çox maraqlı deyiləm, ancaq xəbərləri izləyirəm.
Göründüyü kimi, gənc nəsil filmlərə internetdə, orta yaşlı və daha yuxarı nəsil televizorda baxmağı xoşlayır. Kinoteatra gedənlərin sayı isə elə də çox deyil. Bütün bunlar internetin həyatımıza daha çox hakim kəsilməsinin göstəricisidir.