Hərbi ekspert: "Netanyahu-Ərdoğan anlaşması yeni müharibəyə səbəb ola bilər"
Türkiyə ilə İsrail arasındakı anlaşma fələstin islamçılarını tamamilə təcrid edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri hərbi icmalçı Əmir Bühbud qeyd edib.
O bildirib ki, sözü gedən sənəd Türkiyənin Qəzzada həyata keçirdiyi humanitar fəaliyyəti "Həmas" təşkilatı ilə deyil, Fələstin hökuməti ilə razılaşdırmasını nəzərdə tutur.
Həmçinin sənəddə göstərilir ki, rəsmi Ankaranın Qəzzada həyata keçirdiyi bütün iqtisadi layihələr Ramallahdan olan məmurların iştirakı ilə həyata keçirilməlidir ki, bu da böyük çətinliklər yaşayan Fələstin cəmiyyətində "Fəth" və administrasiyanın nüfuzunun artmasına hesablanıb.
Bundan əlavə, Ə.Bühbud təşkilatın hərbi qanadının İranla əməkdaşlığa cəhd elədiyini qeyd edib.
Eyni zamanda yaxın gələcəkdə Ankara Misir hökumətinə ölkənin milli təhlükəsizliyinə real təhdid hesab edilən qruplaşmaya nəzarət edə biləcəyini də isbatlamalıdır.
Bu və ya digər faktorlar "Həmas"ı yəhudi hakimiyyəti ilə yeni münaqişəyə sürükləyə bilər ki, bu da islamçıların əvvəlki kimi sektorun lideri və dünyada gedən siyasi proseslərə təsir göstərən bir qüvvə olduğunu göstərmək məqsədi daşıyacaq.
Ekspertin sözlərinə görə, artıq "Həmas"-ın sərhəd zonalardakı üç batalyonu İsrail ilə müharibəyə tam hazır vəziyyətə gətirilib. Onların müharibəyə gözlənilməz hücum taktikası ilə hazırlaşdığı və bu savaşın "Sarsılmaz qala" əməliyyatından daha kəskin olacağı da gələn məlumatlar sırasındadır.