"Maykl"sız qalan Bakı Zooparkı - REPORTAJ

Bakı Zooloji parkının faunası kifayət qədər zəngindir. Onlarla məməli, quş, suda-quruda yaşayan, sürünən, balıq və s. Bəs isti yay günlərində heyvanlara necə qulluq olunur? Bu suala cavab tapmaq üçün adıçəkilən məkana yollandıq.

 

Bakı Zooloji Parkının direktoru Azər Hüseynovla söhbətimizdən bəlli oldu ki, heyvanların saxlanma şəraiti qənaətbəxşdir. Qidalanma ilə bağlı heç bir narahatlıq yoxdur: “Hesab edirəm ki, bu gün Zooloji Parkda qidalanma ilə bağlı heç bir problem yoxdur. Mövsümlə əlaqədar kök, alma, kələm, kahı, portağal, gilas veririk. Azərbaycan meyvə-tərəvəzlə bol ölkədir. Heyvanları vitaminli qida ilə yemləyirik ki, onlar qışı sağlam qarşılasınlar”.

 

Heyvanların sağlamlığı ilə bioloqlar, zooloqlar, baytar həkimlər məşğul olur. Lazımi tədbirlər görülür: “Gənələrə, birələrə, profilaktik olaraq, heyvanlara antigelmentiklər, qurdlara qarşı kvartalda bir dəfə dərmanlar verilir. Heyvanlar quduzluğa qarşı peyvənd də olunur. Quşlar da taun xəstəliyinə qarşı peyvənd olunur. Profilaktik tədbirlər mütəmadi aparılmalıdır”.

 

Azər müəllim uzun illərdir ölkənin əsas şəhərlərində zooloji parkların salınmasını arzulayır. Onun sözlərinə görə, təbiəti qorumaq üçün maarifləndirici tədbirlər görülməlidir. Regionlarda yol boyu məlumat lövhələri vurmaq, ərazidə yaşayan heyvanları qorumağa səsləmək effektiv yollardan biridir.

 

Zooloji parkdakı heyvanlar yalnız nümayiş üçün deyil. Hər il onların çoxaldılması istiqamətində lazımi tədbirlər görülür. Elə bunun nəticəsidir ki, təkcə bu ay bir neçə növ  heyvandan bala alınıb. Artırılan heyvanların bəziləri təbiətə buraxılıb və bu proses yaxın 2 ayda davam etdiriləcək.

 

Hal-hazırda Bakı Zooparkında 150 növ olmaqla, təxminən 1200-ə yaxın heyvan saxlanılır. Bunlardan bəziləri yenicə balalayıb. Bunlar Qafqaz maralı, qırqovul, dovşan, kenquru, pələng və başqalarıdır.

 

Dəvə, Kuba zebusu, canavar da balalayıb. Üstəlik, tək olan heyvanların cütləşdirilməsi istiqamətində də tədbirlər görülür. Onu da öyrəndik ki, “İDEA” İctimai Birliyi bəzi heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması üçün dəstək göstərib. Leopard üçün valer hədiyyə edilib, oxatan kirpinin qəfəsi şüşə ilə əhatə olunub, iquana üçün yay-qış valeri hazırlanıb.

 

Bakı Zooloji Parkının məşhur sakinlərindən olan “Maykl" adlı erkək şiri görə bilmədik. Öyrəndik ki, zooparkın ən yaşlı nümayəndəsi 20 yaşlı "Maykl" təxminən 2 ay öncə vəfat edib.

 

Paytaxt sakinləri isə böyüklü-kiçikli zooloji parkdan razı görünürdülər. Amma istəklər də az deyil:

 

- İndi daha fərqlidir. Heyvanlar çoxalıb. "uşlar da.

 

- Uşaqların təəssüratları necədi?

 

- Neçə gündür gəlmək istəyirlər, mən də gətirdim. Yaxşıdır.

 

Uşaqlar

- Necədir? Xoşuna gəlir?

- Hə, yaxşıdır.

- Ən çox nə xoşuna gəlir?

- Timsah, ilanlar, ayılar, canavarlar.

- Təzə heyvanlar görmək istəyərsən?

- Hə.

- Məsələn.

- Fil, balıqlar, ilan balığı.

 

- Tez-tez gəlirəm. Ən çox ilanlar, tutuquşular, dovşanlardan xoşum gəlir. Zürafə, zebra, başqa heyvanlar görmək istərdim.

- Burada olmayan hansı heyvanı görmək istəyərsən?

- Qorilla, fil.

- Qiymətlər sizi qane edirmi?

- Yaxşıdır, uşaqlar üçün 1 AZN, böyüklər üçün 1.50 AZN. Qiymətlər yaxşıdır.

 

Gələn il Bakı Zooloji Parkının 75 illik yubileyi qeyd olunacaq. Planda olan məsələlərdən biri təxminən 15 ölkədən zooloji parkların nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsidir.

Müəllif | Apa.Tv
Apa.tv