"Brexit" dünya birjalarını 3 trilyon dollar ziyana saldı
Britaniyada keçirilən və tarixə "Brexit" adı ilə düşən referendumda ölkənin Avropa İttifaqından çıxması tərəfdarlarının qələbəsi nəticəsində dünya fond birjaları 3 trilyon dollar məbləğində pul itirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, analitiklər bu faktı investorların referendum əleyhdarlarının məğlubiyyətinə hazır olmaması ilə əlaqələndiriblər.
Onların qənaətincə, fond birjalarındakı eniş prosesi iyunun 24-dən, daha dəqiq, referendum nəticələrinin elan edilməsindən sonra müşahidə edilməyə başlayıb.
Bu cür fantastik məbləğdəki itkilər eyni zamanda səsvermə nəticələrinin doğura biləcəyi mənfi nəticələr səbəbindən sərmayədarların investisiya yatırımları qərarını yenidən nəzərdən keçirməsi ilə də izah olunur.
Dünya maliyyə bazarları üzrə ekspertlər sərmayəçilərin üzləşdiyi itkiləri kompensasiya etməsi üçün funt-sterlinq, avro və maliyyə təşkilatları səhmlərinin qiymətləri də daxil olmaqla, bir sıra bazar göstəricilərinin normallaşmasını gözləməli olduğunu bildirirlər.
Referendum sonrası indekslərin göstəricilərinə əsasən, "S&P Global Broad Market" 6,9 faiz dəyər itirib ki, bu da 2008-ci ilin maliyyə böhranından sonra ən yüksək göstəricidir.
"S&P Dow Jones Indices"ın məlumatına görə, maliyyə bazarlarındakı bu eniş birja tarixi boyunca baş verən analoji proseslər arasında 12-ci yeri tutub.
"S&P 500" indeksi isə iki gündə təqribən 1 trilyon dollar itirməklə, dəyər ekvivalenti üzrə üçüncü yerdə qərarlaşıb.
Baş verən son proseslər, xüsusilə də "Brexit" tərəfdarlarının qələbəsi maliyyə bazarlarındakı əsas investorların üzərinə Avropa İttifaqı və avronun üzləşdiyi durumu nəzərə alaraq, investisiyalarının təhlükəsizliyini risklərdən qorumaq kimi vacib bir vəzifə qoyub.
Sərmayəçilərin yekun nəticədə risk etməməsi ABŞ maliyyə bazarlarına da öz təsirini göstərib.
İnkişaf etmiş ölkələrin fond birjalarındakı maliyyə itkiləri daha irihəcmlidir. Belə ki, bu ölkələr 2,8 trilyon dolları "tonqalda yandırıb". İnkişaf etməkdə olan dövlətlərə gəlincə isə onlar 179 milyard dollar həcmindəki vəsaitdən məhrum olublar.