Lənkəranda ofisdən seyf oğurlamaq istəyənlər tutuldu

Lənkəranda "Koroğlu" MMC-yə məxsus ofisə basqın təşkil edən qrup zərərsizləşdirilib. Silahla hədə-qorxu gələrək seyfdəki pulu aparmağa cəhd edənlər sonda əliboş aradan çıxmalı olublar.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Bakı sakini Elnur Musa oğlu Nuriyev Lənkəran şəhərinin Tofiq İsmayılov küçəsindəki firmaya basqın edərək, zorakılıq yolu ilə özgə əmlakını talamaq qərarına gəlib. Bu məqsədlə o, tanışları - paytaxt sakinləri Elnur İlqar oğlu Əsgərov və Əli Canbulat oğlu Məmmədov cinayət əlaqəsinə girib. Onlar tapança və bıçaqla silahlanaraq qrup şəklində 24 iyun 2016-cı il tarixində firmalardan birinin Lənkəran ofisinə daxil olaraq buranın işçiləri Baba Əlisəfa oğlu Babayev və Rafael İlham oğlu Əliyevə zor tətbiq edərək əl-qollarını bağlayıblar.

 

Ofisdə olan pulu aparmaq üçün seyfin açarını tələb edən soyğunçular açarın orada olmadığını gördükdən sonra seyfi obyektin birinci mərtəbəsinə düşürüblər. Bu zaman isə firmanın digər əməkdaşının ora gəlməsi və seyfin ağır olması soyğunçuların planlarını pozub. Polisin xəbər tutacağından ehtiyatlanan cinayətkarlar gəldikləri "Nissan" markalı avtomobillə oradan uzaqlaşıblar.

 

Qrup üzvlərindən Əli Məmmədov və Elnur Əsgərov Masallı rayonu ərazisində saxlanılıb. Onların barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Elnur Nuriyev isə hazırda axtarışdadır.

 

Müəllif | Apa.Tv
Apa.tv